Yazıçı Şərif Ağayarın yeni kitabı işıq üzü görəcək.
Mucru.art kulis.az-a istinadən xəbər verir ki, Qanun Nəşrlər Evində çap olunacaq kitab “Arıların səssizliyi” adlanır.
Ş.Ağayar kitabla bağlı təəssüratını belə bölüşüb: “Nəsr yazmağa 2000-ci illərin əvvəlindən başlamışam. Yəni düz iyirmi ildir. 2011-ci ildən isə hekayələr kitabım çap olunmur. Ona görə, düşündüm ki, 20 ildən 20 hekayə seçim və 2020-ci ildə çap edim. Bu, rəqəmlərlə oyun deyil təbii ki, hekayələri toplamağa, təzədən redaktə etməyə, yarımçıqları bitirməyə bir numeroloji bəhanədir. Əvvəl-axır bu hekayələr kitab şəklində çıxmalı idi. Karantindən istifadə edib bu işləri gördüm. Dəstək üçün Qanun Nəşrlər Evinə, xüsusən Şahbaz Xuduoğluna təşəkkür edirəm!”
Kitabda “Şəkil”, “Cəfər əmimin yolları”, “Arıların səssizliyi” kimi tanış hekayələrlə yanaşı yeni nümunələr də yer alıb. Bundan əlavə, yazıçının ilk qələm təcrübələrindən olan “Kərpickəsən kişinin dastanı” və “Xürrəm” uzun hekayələri də yeni redaktədə təqdim olunub.