-Emin, kitab-dəftərini yığışdır, gedək otağımıza. Atamızın işdən gələn vaxtıdır. İndi gəlib bizi burada görüb hirslənəcək.
-Hə, düz deyirsən, bacı. Bayaqdan mən də elə onu fikirləşirəm. Gedək, dərslərimizi orada hazırlayaq.
Bu vaxt Zülfiyyə mətbəxdən çıxıb, onların yanına gəldi:
-Hə, uşaqlar, siz hələ buradasınız? Otağınız daha sakitlikdir. Gedin ora. Atanız da indi gələcək. Televizora baxa-baxa yemək yeyəcək.
Ləman əvvəlcə anasına baxdı. Sonra nəyisə xatırlamağa çalışdı. Hələlik, yadına heç nə düşmədi. Qadın soruşdu:
-Ay qız, niyə dayandın? Gözlərin yol çəkir. Yəqin ki, bugünkü dərslərin çox olub. Öhdəsindən gələ bilmirsən.
Qız anasına tərəf dönüb dedi:
-Ana, sənə bir söz demək istəyirəm.
-De görüm, eşidirəm.
-Ana, dünən mən məktəbə gedəndə, Vaqif əmi ilə yoldaşını evlərinə gələn gördüm. Gülay xalanın əlində zənbil vardı. Yəqin ki, bilirsən, onların bir-iki yaşlarında kiçik qızları da var. Vaqif əmi də uşağı qucağına götürmüşdü. Təsəvvür edirsənmi, onu necə əzizləyirdi? “Gözəl qızım, gözəl qızım” – deyə-deyə gah saçlarını tumarlayır, gah uşağın paltarını qaydaya salır, gah da yol kənarında olan ağacları, çiçəkləri, maşınları əl işarəsi ilə ona göstərib, şirin-şirin dindirib danışdırırdı. Uşağın da sevinməsi, gülümsəməsi onu daha da gözəl, xoşbəxt göstərirdi.
Qız bunu deyib dayandı. Qısa sükutdan sonra anası dilləndi:
-Bu hardan yadına düşdü? Yaxşı, bunu bildik. Sonra?
-Daha heç nə. Deməyim odur ki, adam belə uşaqları görəndə, istər-istəməz onlara paxıllığı tutur.
-Heç nə başa düşmədim. Nə demək istəyirsən?
Qız gözlərini anasından çəkmədən, həm də hansı hisslərinsə təsirindən yaranan zəif bir səslə dedi:
-Açığını desəm, bilmək istəyirəm ki, biz də körpə olanda, atamız bizi nə vaxtsa bu cür qucağına götürüb əzizləyibmi? Mən, ya da qardaşım xəstələnəndə, ağlayanda, nədənsə narahat olanda xoş sözlər deyərək könlümüzü alırdımı? Ya da ki, şıltaqlıq, dəcəllik edəndə, “Əziz balam, sakit ol, bir də belə iş görmə” – deyirdimi? Elə indicə həmin körpəlik, uşaqlıq dövrlərimi yadıma salmaq istədim. Amma? heç nə xatırlaya bilmədim.
Anası dedi:
-Hə, indi bildim ki, bayaqdan nə fikirləşirsənmiş. Nə barədə götür-qoy edirsənmiş. Doğrusunu bilmək istəsən, atan sizi çox sevir. Amma, bunu biruzə verə bilmir. Bəlkə də bunu sizə hiss etdirməyi bacarmır. Bilirəm, bu onun zəif cəhətidir. Bununla belə, həmişə sizinlə maraqlanır. Necə oxumağınızı, məktəbdə özünüzü necə aparmağınızı həmişə məndən xəbər alır. Bu barədə arxayın ola bilərsiniz.
Qız kitablarını stolun üstündən yığışdıra-yığışdıra dedi:
-Amma, bu heç də belə görünmür. Sənin dediklərin də mənə heç inandırıcı gəlmir. Hər dəfə o, işdən gələndə, soyuq halda salam verən kimi, “durun keçin otağınıza, dərslərinizi hazırlayın” – deyir. Ağlımız kəsəndən bəri heç görməmişəm ki, xoş sifətlə, mehribançılıqla hal-əhvalımızı xəbər alsın. Yəqin ki, özün də fikir vermisən. Axşamlar o, təsadüfi hallarda bizimlə bir yerdə əyləşib yemək yeyir.
Bu vaxt Emin də söhbətə qoşuldu:
-Düz deyirsən. Əslinə qalsa, mənim də ondan öyrənmək istədiklərim çoxdur. Kişilərin iş yerində necə çalışmaları, nə bilim, sürücülərin, ya da başqa peşə adamlarının başlarına gələn əhvalatlar və sair. Böyüklərin həyatı mənə o qədər maraqlı gəlir ki, gəl görəsən. Düzdür, öz özlüyümdə bunu müəyyən qədər təsəvvür edirəm. Amma bu barədə heç kimdən heç nə öyrənə bilmirəm. Hər dəfə də atamın yanında əyləşib hansısa bir sual vermək istəyəndə baxıb görürəm ki, heç də bu cür söhbətlərin vaxtı deyil.
Zülfiyyə maraqla qulaq asır, hələlik bir söz demirdi. Bununla belə, uşaqlarının nə vaxtsa belə bir söhbət açacaqlarını qabaqcadan hiss etmişdi. İndi isə ərinin bu cür davranışına haqq qazandırmaqdan başqa bir əlacı da qalmamışdı. İstəyirdi ki, övladlarında belə bir təsəvvür yaratsın ki, ata-bala münasibəti belə də olmalıdır. Uşaqlar öz istəklərini elə həmişə öz analarına desələr daha yaxşı olar. Amma, baxıb görürdü ki, get-gedə oğlu ilə qızı, qohum-qonşunun öz övladları ilə davranışına daha da dərindən fikir verir, bütün bunları da öz ailələrində görmək istəyirlər. Həm də belə nəvazişə, qayğıya çox ehtiyac hiss edirlər.
Qadın yenə sözə başladı:
-Qızım, sən atan barədə başqa cür fikirləşmə. O istəyir ki, siz elmli, savadlı insan olasınız. Hansı ata bunu arzulamaz? Sən isə oğlum, atan evdə olanda heç nədən utanıb çəkinmə. Öyrənmək istədiklərini də rahatlıqla ondan soruşa bilərsən.
-Necə soruşum? Nə vaxt ona yanaşmaq istəyirəmsə, görürəm ki, o qaşqabaqlı halda əyləşib televizora baxır. Fikirləşirəm ki, bu gün onunla danışmaq mümkün deyil. Nəsə xəbər alsam da, sualıma düz-əməlli başlı bir cavab verməyəcək. Ya deyəcək ki, sonra danışarıq, ya da “get dərslərini hazırla, belə şeylərə baş qoşma” cavabını verəcək. Onun bizə nə vaxtsa hədiyyə aldığını da görməmişəm. Nə almısansa elə sən almısan.
Qadın artıq başa düşürdü ki, uşaqlar kiçik yaşda olduqları vaxt, atalarının davranışına, evdə özünü aparmasına o qədər də dərindən fikir verə bilməzdilər. Amma, ağılları kəsdikcə hər şeyi götür-qoy edir, çox zaman da başqalarının öz övladlarına qarşı olan münasibətini gördükdə, atalarının da bu xasiyyətdə olmasını istəyirlər. Həm də Zülfiyyə hiss etmişdi ki, övladları gec-tez bu iradı bildirəcəklər. Ona görə də hərdənbir ərinə deyirdi ki, çalış istirahət günlərində uşaqlarına vaxt ayır. Heç olmasa axşamlar, hərdənbir də olsa, onları gəzməyə apar. İstəkləri, arzuları ilə maraqlan. Cəfər isə hər dəfə bir şeyi bəhanə edərək bundan boyun qaçırır və belə işləri sonraya saxlamağı lazım bilirdi.
Qadın bunu da qəbul etmişdi ki, əri, övladların tərbiyəsini onun öhdəsinə buraxıb. Ona görə də hər gün evdə eyni söz-söhbəti təkrarlayıb ailə içərisində əsəblik yaratmaq istəmirdi.
Çox keçmədən Cəfər işdən qayıtdı. Zülfiyyəyə salam verib əyləşdi. Bir stəkan çay içəndən sonra soruşdu:
-Uşaqlar hardadır? Yəqin ki, öz otaqlarındadırlar, dərslərini hazırlayırlar.
-Hə, məşğuldurlar.
-Çox yaxşı. Məktəbi qurtarmaqlarına da az qalıb. Bu ərəfələrdə nə qədər çox hazırlaşsalar, bir o qədər yaxşıdır. Sən də çalış ki, onlara yaxşı nəzarət elə.
Qadın bu vaxt ona mənalı nəzərlərlə baxıb dedi:
-Hərdənbir sən də uşaqlarınla az da olsa maraqlansan, heç də pis olmaz Zülfiyyə, – Cəfər dedi: – Mən onlara lazımi qədər vaxt ayıra bilməsəm də, hər ikisinin davranışlarından, necə təhsil almalarından lazımi qədər xəbərim var. İndi bu aralarda işimiz bir az çoxdur. Vaxtım olan kimi hər şey qaydasına düşəcək. Bir də ki, onlar kiçik uşaq deyil ki, hər işi ətraflı, xırdalıqlarına qədər başa salasan. İndi özləri bir çox hallarda müstəqil qərar verə bilərlər. Mənim fikrimcə, uşaqlara müəyyən işlərdə sərbəstlik vermək heç də pis olmazdı.
Zülfiyyə dedi:
-Əcəb, yaxşı fikirlərin, məntiqin var. Əvvəllər deyirdin ki, onların üstünə hirslənmək, hər bir şeydən çəkindirmək lazım deyil. Hələlik öz uşaqlıq dövrlərini yaşasalar yaxşıdır. Nə qədər məsləhət, öyüd-nəsihət versən də, ağılları kəsmədiyi üçün bunu başa düşməyəcəklər. Qoy bir az böyüsünlər, müəyyən vaxt keçəndən sonra hər şeyi anlatmaq daha asan olar. Beləliklə də, özünü əziyyətə salmaq istəmirdin. İndi də deyirsən ki, artıq böyük uşaqlardırlar, onlara sərbəstlik vermək lazımdır. Görürəm ki, özünü hər işdən kənara çəkirsən. Amma onu da bil ki, gözüm həmişə onların üstündədi. Tərbiyə cəhətdən də bütün məsuliyyəti öz üzərimə götürmüşəm. O barədə arxayın ola bilərsən.
-Hə, çox yaxşı. Hər halda bütün günü evdə sən olursan. Onlara məndən daha yaxın olan sənsən. Bununla belə, uşaqların gələcək arzularını, qarşılarına qoyduqları məqsədləri də indidən hiss edirəm.
Bir neçə gün sonra, axşamüstü, Cəfərin əmisi oğlu onlara qonaq gəlmişdi. Həm də bir yerdə işləyirdilər. İş yerindən, ordan-burdan söhbət edəndən sonra Əhməd soruşdu:
-Ay Cəfər, sənin uşaqların heç gözümə dəymir. Yəqin ki, evdə yoxdurlar. Harasa gediblər?
-Evdədirlər, öz otaqlarında dərslərini hazırlamaqla məşğuldurlar.
Bu vaxt pəncərə tərəfdə əyləşən Zülfiyyə nəsə demək istədi. Amma, hələlik susmağı üstün tutdu.
-Amma, heç səsləri gəlmir. – Əhməd yenə dilləndi.
-Hə, bizimkilər belədir. Sakit uşaqlardır. Bir də ki, onların böyüklər əyləşən yerdə nə işləri var ki? Çox vaxt elə mən evə gələn kimi, uşaqlar da öz işlərini bilirlər. Ayağa qalxıb sakitcə öz otaqlarına gedirlər.
-Yəqin ki, lap əvvəldən tapşırığın belə olub. Onlar da buna vərdiş ediblər.
Qadın da bu zaman astadan, bir az da könülsüz halda dedi:
-Bəlkə də belə yaxşıdır. Dərslərini hazırlamağa daha çox vaxt taparlar.
Bir az sükutdan sonra Əhməd dedi:
-Hər ailənin özünə görə xüsusiyyətləri, qaydaları olur. Bizdə isə vəziyyət bir qədər başqadır. Hələ lap kiçik yaşlarından bizim uşaqların səs-küyü, danışıqları, bir-biri ilə mübahisə etməsi, küsüb-barışması, bütün hərəkətləri mənə xoş gəlib. Həmişə bunları görəndə, sanki özümü daha da gümrah, xoşbəxt hiss etmişəm. Elə indi də eləyəm. Hər axşam onları dindirib-danışdıranda, hər xırda işlərindən xəbər tutanda elə bilirəm ki, on il cavanlaşıram. Dərs oxumaqları da öz yerində. Ona da vaxt ayıra bilirlər.
Cəfər dedi:
-Əhməd, sən gün ərzində çox yorulmursan. İş yerimiz də fərqlidir. Sizdə nisbətən sakitlikdir. Ona görə də evdə olanda daha çox uşaqların söhbətlərini, danışıqlarını eşitmək istəyirsən. Amma mənim işlədiyim yer həddən artıq səs-küylü olduğuna görə evə gələn kimi, istəyirəm ki, tam sakitlik olsun. Yanımda heç kim dinib-danışmasın.
-Yox dostum, belə bəhanələrlə məni aldada bilməzsən. Etiraf elə ki, sənin xasiyyətin belədir. Elə vaxtlar olur ki, bizim də iş yerimizdə söz-söhbət, qalmaqal olur. Bəzi vaxtlar bu, hamının əsəbləşməyinə qədər gedib çıxır. O zaman belə hesab edirəm ki, əhvalım iki-üç gün düzəlməyəcək. Amma işdən qayıdıb, ailə-uşaqlarla bir yerdə əyləşib, bir stəkan çay içəndən sonra, baxıb görürəm ki, əvvəlki halımdan əsər-əlamət belə qalmadı. Uşaqların isə gülüşlərini, sevinib-şadlanmaqlarını gördükdə özümü çox xoşbəxt hiss edirəm. İndi isə sənə bir söz deyim. Özün üçün çox da belə sakit otaq, təklik arzulama. Bu heç də yaxşı əlamət deyil. Belə getsə, get-gedə səninlə uşaqlar arasında soyuq bir münasibət yaranacaq. Sonradan onlara nə qədər yaxınlaşmaq istəsən də, baxıb görəcəksən ki, hər şey heç də sənin istədiyin kimi alınmır. Axırda da öz nəvazişini, mehribançılığını hiss etdirməyin çox çətin olacaq. Bilirsən necədir? Onların sənə demək istədikləri saysız-hesabsız sözlər, fikirlər var. Amma, hər zaman zəhmli, bəlkə də əsəbi olduğunu gördükdə səninlə danışmaqdan çəkinirlər.
Onlar danışdıqca Zülfiyyə də razı halda gah Əhmədə, gah da ərinə tərəf baxırdı. Sanki bu vaxta qədər həmişə fikirində dolandırdığı, amma çox vaxt da dilinə gətirə bilmədiyi sözləri indi gələn qonaqdan eşidirdi. Cəfərin isə susub danışmadığından belə məlum olurdu ki, əmisi oğlunun sözləri ona təsir etməyə başlayıb. Çox vaxt insanlarda belə bir xasiyyət olur. Öz ailə üzvlərinin danışdıqlarına, sözlərinə o qədər də əhəmiyyət vermirlər. “Özüm bilərəm”, deyirlər. Amma, kənardan kimsə bir məsləhət, ya da göstəriş versə, ona çox ciddi yanaşıb qulaq asırlar. Çox vaxt da əməl edirlər. Əhməd də danışdıqca Cəfər bu barədə fikirləşir, bəlkə də bir çox məsələlərdə heç də düz etmədiyini, haqsız olduğunu düşünürdü. Bununla belə, onun sözlərini təsdiq etməyə tələsmirdi. Ona görə də dedi:
-Əhməd, bilirsən necədir? Mən, sən fikirləşdiyin kimi çox da sərt, necə deyərlər, adama yovuşmaz deyiləm. Onların dərsləri, necə oxumaları ilə tez-tez maraqlanıram. Bir dəfə iş yoldaşlarımdan birindən belə bir söz eşitdim. O dedi ki, mən öz uşaqlarımla dost kimi davranıram. Ən xırda sirlərini belə mənə deyirlər. Nə bilim, bir tərəfə baxanda, bəlkə də belə yaxşıdır. Ata ilə bala arasında gizli heç nə qalmır. Amma nə edim ki, mən bunu heç cür bacarmıram. Qorxuram ki, mən də belə olsam, uşaqlarımın nəzərində çox adiləşəcəyəm. Belə hesab edirəm ki, sonra da onların yanında sözüm keçməyəcək. Nə də ki, verdiyim məsləhətə mən istəyən kimi qulaq asmayacaqlar.
Əhməd dedi:
-İndi mən sənə bir söz də deyim. Düzdür, bütün ailələrin uşaqlarının davranışları eyni cür ola bilməz. Mən öz övladlarımın xasiyyəti barədə danışım. Bəlkə də nə vaxtsa bunun şahidi olmusan. Çoxdandır ki, bizə gəlmirsən. Ola bilsin ki, yadından çıxıb. Deməli, bizə bir qonaq gələndə, mənim oğlumla qızım həmin adamla görüşüb, ona xoş gəldin deyirlər. Sonra da öz otaqlarına gedirlər.
-Hə, düz deyirsən. Böyüklərlə uşaqların bir yerdə əyləşməsi mənim də xoşuma gəlmir.
-Bəs evə gələn adamlarla görüşmələri necə? Belə başa düşdüm ki, heç onun da tərəfdarı deyilsən. Bax, təxminən yarım saat olar ki, mən burdayam. Onlar da öz otaqlarından bayıra çıxmırlar. Yəqin ki, tapşırıq vermisən ki, qonaq gedənə qədər gözə görünməyin. Bu belədir?
-Yox, yox. Niyə ki? İndi mən onları çağıraram.
-Yox, lazım deyil. Zəhmət çəkmə. Qalsın başqa vaxta. Hə, heç demədin, onlar neçənci sinifdə oxuyur. Yəqin ki, mənim uşaqlarımla bir yaşda olarlar.
-Oğlum doqquzuncu, qızım da on birinci sinifdə oxuyur.
-Mənim də oğlum doqquzuncu, qız isə səkkizinci sinifdə oxuyur.
Sonra bir qədər də öz işləri barədə söhbət etdilər.
Qonaq ayağa qalxıb gedəndən sonra, Cəfərlə Zülfiyyə bir müddət dinib danışmadılar. Əhmədin dedikləri hər ikisinin fikrini məşğul etmişdi. Cəfər yenə də onun sözlərini yadına salır, öz tərbiyə üsulunun daha üstün olmasını nəzərdə saxlayırdı. Hərdən də “adama çox söz deyərlər. Mən elə başqalarının dediyi ilə oturub-duran deyiləm ki” – deyə, özünə haqq qazandırmağa çalışırdı. Zülfiyyə də bu söhbətdə olan əsas məqamları yadında saxlamış, yeri gəldikcə onu ərinə xatırlatmaq istəyirdi. Nəhayət ki, dilləndi:
-Gördün, əmin oğlu da sənə irad tutdu. Dedi ki, uşaqların otaqdan çıxıb mənimlə görüşmədi. Mən lap utandım, xəcalət çəkdim. İstədim ki, gedib onları çağırım. Amma səndən ehtiyat elədim. Qorxdum ki, acığına gələr. Amma, bu heç də yaxşı olmadı. Qızın eybi yoxdur, Emin isə böyük oğlandır. Yeri gəlsə, sən evdə olmayanda, o, evə gələn qonaqları necə lazımdırsa, qarşılaya bilər. Bu gün gördüm ki, oğlun buna qadir deyil. Hər şeydən əvvəl ona adamlarla ünsiyyəti, görüşməyi öyrətmək lazım idi. Bu mənim nəzərimdən qaça bilər. Çünki qadınam. Bunu uşağa başa salmaq kişi işi olduğu üçün, sənin borcun idi. İndi sənə bir söz deyəcəyəm. Bəlkə də heç bunu müşahidə etməmisən. Ya da ki, bu vəziyyətə fikir verməmisən. Mənim isə nəzərimdən heç nə qaçmır. Bilirsən, söhbət nədən gedir? Hərdən küçədə, həyətdə qohum, qonşu uşaqları ilə çox qarşılaşırıq. Bu vaxt onlar heç nə demədən sakitcə üzümüzə baxır, gözləyirlər ki, birinci olaraq, biz böyüklər onları dindirək, salam verək. Bunun da səbəbini indi deyəcəyəm. Həmişə biz, harasa qonaq getdiyimiz vaxt, həmin evdə uşaqları görəndə, onlara yaxınlaşıb, “ay bala, necəsən, gəl üzündən öpüm” deyərək, onlara əl uzadıb, görüşürük. Get-gedə uşaqlarda belə bir rəy yaranır ki, görüşmək vaxtı hökmən, ilk olaraq böyüklər uşaqları dindirməli, onlara salam verməlidirlər. Bunun da günahkarı özümüzük. Övladlarımıza başa salmalıyıq ki, ay bala, böyükləri görəndə onlara salam verin. Bu da bir ədəb qaydasıdır. Dayanıb gözləməyin ki, onlar sizə salam versinlər. Eh, nə bilim, bir-birimizə arxayın ola-ola hələ uşaqlarımıza çox şeyi başa salmamışıq.
Cəfər qadına qulaq asdıqca, belə hesab edirdi ki, doğrudan da onun hələ fikir vermədiyi, etinasız yanaşdığı çox məsələlər var. İndi isə Zülfiyyənin sözlərini təsdiqləməkdən başqa bir alacı qalmamışdı.
-Hə, sən düz deyirsən. Bəzi işlər sarıdan mən çox gecikmişəm. Hər işi vaxtında görmək lazımdır. Onu da deyim ki, həmişə sənə arxayınam. Özün görürsən ki, mən işdən yorğun gəlirəm. Dincəlmək, rahat olmaq üçün mənə vaxt lazımdır. Eybi yoxdur, hər şey qaydasına düşər.
Qadın iki stəkan çay gətirib stolun üstünə qoydu. Əyləşdi. Söhbəti çox da uzatmaq istəmirdi. Amma yenə dilləndi:
-Yoruluram deyirsən. Bilirəm ki, sənin işin o qədər də ağır deyil. İşləməyə qalsa, elə hamı işləyib çalışır. İşsiz adam yoxdur. Əgər istəsən, axşamüstü yaxşı dincəlməyin, gözəl əhval-ruhiyyədə olmağın yolunu sənə deyə bilərəm. Hamısından yaxşısı budur ki, hər axşam öz uşaqlarınla heç olmasa bir-iki saat vaxt keçir. Onda görəcəksən ki, özünü daha da sərbəst, rahat hiss edirsən. Elə biləcəksən ki, çiyinlərindən ağır bir yük götürülüb. Hər halda sən hər gün buna cəhd elə. O zaman sabahkı günə də inamın artacaq. Hiss edəcəksən ki, nə üçün və kim üçün çalışırsan. Düzdür, indi sən birdən-birə uşaqları yanına çağırıb nə barədəsə şirin söhbətlər etməyə başlasan, bu onlar üçün çox gözlənilməz olacaq. Birdən-birə səni belə əhvalda görəndə çox təəccüblənəcəklər. Hətta, gözlərinə də inanmayacaqlar. Bilirəm, bu vəziyyət sənin üçün də çətindir, həm də bunu bacarmayacağından qorxursan. Fikirləşəcəksən ki, uşaqlar səni qınayacaq. Düşünəcəklər ki, görəsən bu gün nə baş verib ki, atamız özünü bu cür yüngül, şən, hər qayğıdan uzaq aparır. Bütün bunlara baxmayaraq, sən bunun öhdəsindən gəlməlisən. Birdən-birə olmasa da, mərhələ-mərhələ uşaqlara yaxınlaşmalısan. Onlar da hiss etməlidirlər ki, bu cür qayğıkeş və güclü ataları var. Mən demirəm ki, gecə yarıya qədər onlarla bir yerdə danış, gül, yeri gəldi, gəlmədi istədiyin zarafatları elə. Belə ailələrdən heç mənim də xoşum gəlmir. Hər şeyin bir həddi var. Amma bu qədər soyuqluq da olmaz, axı. Belə getsə, onlar öz istəkləri, arzuları barədə sənə heç nə deməyəcəklər.
Emin son vaxtlar dərsdən çıxandan sonra evə gec gəlməyə başlamışdı. Anası da bundan narahat olur, ağlına cürbəcür şeylər gəlirdi. Hər dəfə də ondan bu barədə soruşanda oğlu: -“Dərsimiz çox idi, idman dərsi bir az uzun çəkdi, yoldaşlarımla söhbət edirdim, dəftər almağa getmişdim” – deyərək, cürbəcür bəhanələr gətirməyə çalışırdı. Axırıncı dəfə də evə, rəngi qızarmış, yorğun, tərin-suyun içində gələndə, qadın daha dözmədi. Bütün bu gecikmələrin səbəbini aydınlaşdırmağa çalışdı:
-Emin, mən görürəm ki, sən məndən nəsə gizlədirsən. Axır vaxtlar məktəbdən evə gec gəlirsən. Bax, indi də görürəm ki, tamam tərin içərisindəsən. Belə getsə, soyuqlayıb xəstələnə bilərsən. İndi açıq de görüm, harada idin? Mənə elə gəlir ki, sən uşaqlarla dalaşmısan. Başqa cür ola bilməz. Səhər geyinib getdiyin səliqəli paltardan da əsər-əlamət qalmayıb. Dünən də bu sözü səndən xəbər aldım. Cürbəcür bəhanələr gətirdin. Gec-tez hər şeydən xəbər tutacağam. Yaxşısı budur, hər şeyi sənin öz dilindən eşidim.
-Heç bir şey olmayıb, ana, – Emin dilləndi: -Necə deyim? Sadəcə olaraq, evə gələndə bir az iti yerişlə, qaça-qaça gəldim. Ona görə də tərləmişəm. Başqa heç nə. Narahat olma.
Anası dedi:
-Sənin bu sözlərinə heç inanmadım. Amma yenə deyirəm, məndən heç nə gizlətmə. Dərsdən çıxan kimi də evə gəl. Heç kimə qoşulma.
Bir-iki gün vaxt keçdi. Qadın yenə narahat idi. Birdən yadına düşdü ki, bu barədə qızından soruşsun. Ona görə də Ləmanı yanına çağırdı.
-Ləman, qızım, qardaşın son vaxtlar çox dəyişib. Onun nə vaxt dərsdən çıxdığını çox yaxşı bilirəm. Demək olar ki, hər gün bir-iki saat evə gec gəlir. Xəbər alanda da dəqiq bir söz demir. Bilirəm ki, məktəbdə olanlardan xəbərin var. Yəqin ki, nə soruşmaq istədiyimi başa düşdün.
Qız bir az fikirləşib dedi:
-Ana, əslinə qalsa, elə də ciddi bir iş yoxdur. Emin barədə də nəsə bilmək istəyirsənsə, heç narahat olma.
-Elə narahat olduğum üçün soruşuram da… Onsuz da əvvəl-axır hər şeyi biləcəm.
-Ana, mən də istəyirəm ki, sən hər şeyi biləsən. Eminin evə gec gəlmək məsələsinə qaldıqda isə, bunu sənə deyəcəm. Amma, o özü bunu mənə tapşırıb ki, heç kimə deməyim.
Qadının səbri lap tükəndi:
-Ay qız, açıq danış görüm, nə demək istəyirsən.
Qız yenə tərəddüdlə dilləndi:
-Məsələ belədir də… Emin dərsdən çıxandan sonra, uşaqlarla bir yerdə məktəbin meydançasında futbol oynamağa gedir. Çox xahiş edirəm ki, bunu atam bilməsin. Yoxsa o, buna imkan verməyəcək.
-Nə danışırsan? Futbol oynamağa gedir? Mən fikirləşirdim ki, oğlum doqquzuncu sinifdə oxuyur. İmtahanlara da az qalıb. Hazırlaşmağa daha çox vaxt ayıracaq. Onun isə başı futbola qarışıb. Belə olmaz axı.
-Ana, yenə də xahiş edirəm, bu barədə onun özünə bir söz demə. Yoxsa məni xəbərçilikdə günahlandıracaq. Atam da bilməsin. Bilirsən nə üçün deyirəm? Emin məktəbimizdə ən yaxşı futbolçudur. İdman müəllimi də hər gün onu tərifləyir. Hələ bu yaxınlarda məktəblilər arasında yarış keçiriləcək. Çox güman ki, həmin vaxt o özü bu barədə sizinlə danışacaq. Amma, indidən bunu sizə xəbər versə, atam onu bu oyunlara buraxmayacaq. Bu da ona çox pis təsir edəcək. Emin mənə söz verib ki, dərslərini də çox yaxşı hazırlayacaq. Bu barədə də arxayın ol.
Qadın daha bir söz demədi.
Bu söhbətdən təxminən bir ay sonra, Cəfərlə Əhməd iş yerində, nahar fasiləsi zamanı bir yerdə əyləşmişdilər. Həmişə də yeməkdən sonra qısaca söhbətlər üçün vaxt ayırırdılar. Çox keçməmiş Əhməd sözə başladı:
-Yaxşı oldu. Sabah elə istirahət günüdür. Saat neçədə evdən çıxacaqsan? Bəlkə sizə gəlim, bir yerdə gedək?
-Hara?
-Necə hara? Futbola.
Cəfər gülüb dedi:
-Zarafat edirsən? Mən heç bu vaxta qədər stadiona getməmişəm. Oyunlar olanda da televizorda baxıram.
Əhməd həmin an başa düşdü ki, evdə bu barədə ona heç nə deməyiblər. Oğlunun da yarışda iştirak etməyindən heç xəbəri yoxdur. Bəlkə də qabaqcadan bilsəydi, bu söhbəti açmazdı. Amma, artıq gec idi. Ona görə də sözünün davamını necə gətirmək barədə qısaca olaraq fikirləşdikdən sonra dedi:
-Deməli, məsələ belədir də… Bilirsən ki, mənim oğlum sənin oğlunla bir məktəbdə oxuyur. Dünən dərsdən qayıdanda mənə dedi ki, məktəblilər arasında futbol yarışı olacaq. Bizim uşaqlar da məktəb komandasında iştirak edirlərmiş. Yəqin ki, bilirsən. Sənin də oğlun ən yaxşı oyunçular sırasındadır. Mən də bunu dünən bilmişəm. Sabah da rayon mərkəzində yarış keçiriləcək. Yəqin ki, oğlun bu barədə bu gün axşam sənə deyəcək. Ona görə deyirəm ki, biz də sabahkı yarışa tamaşa etmək üçün getsək çox yaxşı olar. Hə, nə deyirsən? Səhər saat neçədə çıxaq?
Cəfər lap çaşıb qalmışdı. Nə cavab verəcəyini də bilmirdi. Nəhayət, tərəddüd içərisində, bir qədər də könülsüz halda dilləndi:
-Hə, gedərik. Onsuz da evdəyəm. Saat neçədə istəsən, gəl bizə, bir yerdə gedək.
Həmin gün Cəfər evə çox əsəbi halda qayıtdı. Zülfiyyə də hiss etdi ki, iş yerində nəsə xoşagəlməz hadisə baş verib. Gedib bir stəkan çay gətirdi. Əyləşib, ərinin nə deyəcəyini gözlədi.
-Emin haradadır? – Cəfər dilləndi.
-Otağında dərslərini hazırlayır.
-Elə bircə onu bilirsən. Dərs hazırlayır. Futbola başı qarışmasa, hazırlayar.
Qadın həmin dəqiqə başa düşdü ki, Cəfər bu məsələdən xəbər tutub. Ona görə də hələlik dinmədi. Söhbətin hansı istiqamətdə gedəcəyini gözlədi. Cəfər yenə sözünə davam etdi.
-Ay Zülfiyyə, mənim üçün bir şey maraqlıdır ki, evimdə olanları iş yerində başqalarından eşidirəm. Yəqin ki, sən də bilirdin, hə? Amma məndən gizlədirdin.
Qadının demək istədiyi çox sözlər vardı. Bununla belə, danışıb evə qanqaraçılıq salmaq istəmirdi. Ona görə də mülayimcəsinə, bir az da ehtiyatla dedi:
-Elə mən də dünən eşitmişəm. Yəqin ki, Emin bu axşam yarışa getmək üçün səndən icazə alar.
-Bundan sonra nə icazə? Neçə vaxtdır oyuna hazırlaşır. İndi yola düşüb gedəndə icazə alacaq?
Zülfiyyə yenə də astadan:
-Ay Cəfər, səndən xahiş edirəm, uşağın xətrinə deymə. Onu həvəsdən salma. Söz verib ki, dərslərini də hamıdan yaxşı hazırlayacaq. Bir söz də deyim, xətrinə deyiməsin. Bütün bunların səbəbkarı elə sən özünsən də… Sonra da hamını günahkar bilirsən. Vaxtında, uşaqların nə işlə məşğul olmasından lazımi qədər xəbər tutsaydın belə olmazdı. Hər dəfə mən deyəndə ki, onlara vaxt ayır, axşamlar övladlarınla söhbət elə, hər işləri ilə maraqlan, mənə qulaq asmırdın. Uşaq da qorxub ki, futbola getməyinə icazə verməyəsən, ona görə sənə heç nə deməyib. Bunu başa düşməyə nə var ki?
Cəfər fikrə getdi, vaxtı ilə Əhmədin ona dedikləri yadına düşdü. Onun: -“Mən hər axşam övladlarımla mehribancasına söhbət etməsəm, rahat ola bilmərəm -sözlərini xatırladı. Demək, Əhmədin öz uşaqları ilə belə rəftarı heç də əbəs yerə deyilmiş. Bir azdan Zülfiyyəyə dedi:
-Emini bura çağır.
Qadın könülsüz halda yerindən qalxdı, ərinə tərəf baxıb dedi:
-Çağırıram. Amma söz ver ki, onun üstünə hirslənib uşağı həvəsdən salmayacaqsan.
-Yaxşı, get çağır, gəlsin.
Emin otağa daxil oldu. Üzündə nigarançılıq ifadəsi vardı.
-Oğlum, gəl əyləş yanımda – atası dedi.
“Oğlum” sözünü eşidəndə, Emin istər-istəməz qəribə hisslər keçirməyə başladı. Atasının dilindən bu kəlməni nə vaxtsa eşitdiyini də heç xatırlaya bilmədi.
-Hə, deməli, sabah yarışdır – Cəfər dedi. – Bəs bu vaxta qədər futbolla məşğul olduğunu məndən niyə gizlətmisən? Elə bilirsən ki, mən sizin nailiyyət qazanmağınızı istəmirəm?
Bu sözü eşidəndə Eminin üzü bir az işıqlandı. Hiss etdi ki, atası onun oyuna getməsini qadağan etməyəcək.
-Bu axşam səndən icazə alacaqdım.
-Onu bilirəm. Bəs ananla məni yarışa baxmağa dəvət etməyəcəksən?
Artıq Eminin sevincinin həddi-hüdudu yox idi. O biri otağa keçib, bacısına bu şad xəbəri çatdırmaq istəyirdi. Bu vaxt Ləman da onların yanına gəldi…








