• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Cümə axşamı, İyul 2, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Yaqut Dəmirov - Üçüncü görüş (hekayə)

01 İyul 2026
in Ədəbiyyat, Yazarlar
Share on FacebookShare on Twitter

Sərin axşamların birində oğlanla qız parkda skamyada yan-yana əyləşmişdilər. Başqalarından fərqli olaraq aralarında bir qədər məsafə vardı. Qız tərəfdə, skamyanın üstündə kitab, onun da üzərində telefon görünürdü. Oğlan isə bükülmüş qəzeti hərdən bir əlindən o biri əlinə keçirir, sol qolunu skamyanın yuxarı, qıza tərəf olan hissəsində saxlamaq istəyir, amma ya cürət etmədiyindən, ya da bunun hələ çox tez olduğunu düşünərək nəyisə bəhanə edib, əlini aşağı endirirdi. Hiss olunurdu ki, hər ikisi təhsilli, hadisələrə lazımi qiymət verməyi bacaran gənclərdir. Hələlik heç biri nə telefonla məşğul olmaq, nə də başlarını bir-birinə tərəf əyib orada olan şəkillərə, videolara baxıb nəsə demək, danışmaq istəyirdi. Bu, onların ikinci görüşü olduğu üçün, vaxtı, zamanı qiymətli hesab edərək, biri digərinin həyatı barədə daha çox bilib öyrənməyə çalışırdı.

Ordan-burdan qısaca söhbətlə kifayətlənib, çox da dərin mövzulara girişmək istəməsələr də, belə başa düşmək olurdu ki, maraq dairələri genişdir. Ard-arda hansısa sualları verməkdən də çəkinirdilər. Oğlan özü haqda bəzi şeyləri danışır, axırda da söhbətin sonunu elə məharətlə tamamlayırdı ki, qız da məcbur olub öz həyatında nə vaxtsa belə bir hadisələrin, əhvalatların baş verdiyini danışsın. Oğlan: “elə deyilmi?”, “bəlkə sən də nə vaxtsa bunun şahidi olmusan?”, “mənim yerimdə olsaydın, nə edərdin?” – sözlərini işlətməklə qızı danışdırmağa, ondan nəsə yeni, özü üçün əhəmiyyətli, maraqlı olan sözləri eşitmək istəyirdi. Qız da hələlik ehtiyatla danışır, hiss olunurdu ki, necə deyərlər, min sözün içərisindən bir söz seçib işlətmək istəyir.

Çox keçmədən, oğlan hiss etdi ki, qız çox səmimidir və bildiklərini gizlətməyə çalışmır. Onun bu cür davranışı oğlanı ruhlandıraraq, əvvəlkindən cəsarətli olmağa, fikirlərini bir az da açıq söyləməyə vadar edirdi.

İndi isə hər ikisində müəyyən qədər sərbəstlik yaranmışdı. Birinci görüşləri demək olar ki, sual-cavab xarakteri daşıyırdı. Kimin harada təhsil alması, ailədə neçə nəfər olmaları, atalarının, analarının harada işləmələri və sair, belə söhbətlər etmişdilər. Amma, bu dəfə hiss olunurdu ki, əvvəlkindən də ciddi mövzulara toxunacaqlar.

Oğlan belə hesab edirdi ki, birdən-birə öz hissiyyatlarını etiraf etmək hələ tezdir. Həm də bu cür işlərdə çox da tələskənliyə yol vermək olmaz. Əslinə qalsa, qız da bu fikirdə idi. Tanışlığı daha da dərinləşdirmək hər ikisinin xeyrinə olardı.

Söhbətin mövzusu dəyişdikcə, onlar “ürək”, “qəlb”, “duyğu” sözlərini daha çox işlətməyə başlamışdılar. Demək olar ki, hər ikisi tez-tez, həm də həvəslə danışır, çoxdan bəri düşündükləri sualları, demək istədiklərini dillərinə gətirmək istəyirdilər.

Oğlan soruşdu:

-Lalə, mənə de görüm, öz qəlbindən keçənləri, düşündüklərini mənə açıq deyə bilərsən?

Qız əvvəlcə nə deyəcəyini bilmədi. Sonra, sanki özündən asılı olmayaraq, həm də oğlanın gözləmədiyi bir tərzdə dedi:

-Bütün fikirləşdiklərimin hamısını bilmək istəyirsən?

Qız bunu dedikdən sonra, sanki özünü daha da sərbəst hiss etdi. Zənn etdi ki, indi çox arxayın və rahat danışa bilər.

-Hə, düz başa düşmüsən – oğlan dedi. – Bacardıqca çox şeyi bilmək istəyirəm.

-Məni bağışla, bunu edə bilməyəcəm.

-Niyə? Bəlkə həyatında məndən gizlədiləsi, mənə deyilməsi mümkün olmayan nəsə var? Ona görə də hər şeyi təfərrüatı ilə danışmaqdan çəkinirsən. Bu belədir?

Qız yenə dayandı. Hiss olundu ki, öz fikirlərini daha da dolğun, başa düşüləcək tərzdə ifadə etmək istəyir. Amma, bunu ya bacarmır, ya da ki, indi verəcəyi cavabdan oğlanın inciyəcəyindən qorxur. Hər halda həmsöhbətini qane edəcək bir cavab vermək lazım idi. Ona görə də dedi:

-Faiq, bilirsən necədir? Keçən görüşümüzdə də sənə dedim. Mən yalan danışa bilmirəm. Bir də ki, hər şeyin doğrusunu deyəndə, sonradan bunun necə qarşılanacağından asılı olmayaraq, insan rahatlıq tapır. Elə zənn edirsən ki, daha çiyinlərində heç bir yük daşımırsan.

Oğlan dedi:

-Çox maraqlı fikirlərin var. Elə əvvəlcədən hiss etmişdim ki, hər şeyi təhlil etmək qabiliyyətin çox güclüdür. Yəqin ki, çox kitablar oxumusan.

-Hə, yeri düşəndə, boş vaxtlarımda hər dəfə nəsə yeni bir fikir öyrənməyə çalışıram.

-Deməli, nədən danışırdıq? Dedin ki, yalan danışmağı bacarmıram. Bu çox yaxşıdır. Bir də ki, sən buna məcbur deyilsən. Səmimiyyət daha yaxşıdır.

Qız da onun sözünü təsdiq edəndən sonra dedi:

-Nə isə, fikrim bir az dağıldı. Sənə demək istəyirdim ki, insan bütün fikirləşdiklərinin hamısını açıq desə, başqaları tərəfindən bu heç də yaxşı qarşılanmaz. Mən belə düşünürəm ki, hər bir şəxsin beynində onun özünə aid olan, heç kimə deyilməsi lazım bilinməyən sözləri, sirləri özündə gizlədib, qoruyub saxlayan bir hissə var. Həmin yeri mən sirlər məskəni də adlandıra bilərəm.

Oğlan gülüb dedi:

-Bax, bunu eşitməmişdim. Bura gələndə hiss etmişdim ki, bu gün nəsə yeni, heç kimin fikrindən keçmədiyi bir söz eşidəcəyəm. Belə sözlər beynimə çox asanlıqla həkk olunur. Sonra da ki, hər gün yadıma düşür.

Qız davam etdi:

-Düzdür, elə də çox vacib, nə vaxtsa açıldıqda, məlum olduqda mənə utancaqlıq gətirən gizli, böyük bir sirrim də yoxdur. Dediyim kimi, həmin o sirlər məkanı mənim varlığımda, həyatımda mühüm yer tutur. Sən, nəsə soruşub öyrənmək istədikdə, yalnız həmin mənə aid olan hissədən kənarda olanları sənə deyə bilərəm. Demək, həmin yer mənim iç dünyamdır. Son nəticədə isə bu mənim özüməm.

-Lalə, indi müəyyən qədər səni başa düşdüm. Demək, məndən nəyisə gizlətməyinə az da olsa, ehtiyac hiss edirsən. Bununla belə mən səni qınamıram. Bəlkə də elə hamı belədir. Onu da deyim ki, sənin yerində başqa bir qız olsaydı, heç belə danışmazdı. Məndən heç nə gizlətmədiyini, tam səmimi olduğunu dönə-dönə təkrar edərdi. Amma sən bunu etmədin. Etiraf etdin ki, qəlbinin dərinliklərində yatan, bəlkə də özünün belə ehtiyatla yanaşdığın, oyatmaq istəmədiyin, həm də oyanacağından qorxub həyatına təsir edə biləcək güclü hisslər var. Buna görə də səninlə razılaşıram. Bir daha əmin oldum ki, sən yalan danışa bilmirsən. Süni, hamının xoşuna gələn sözlər söyləməkdən, eyni zamanda özünü tərifləməkdən çox uzaqsan.

Bir qədər sükutdan sonra qız dedi:

-Faiq, mən ümumiyyətlə, insanlara aid olan xüsusiyyət barədə danışdım. Xahiş edirəm, dediklərimi şəxsən mənə aid edib, bunu başqa istiqamətə yönəltmə. Elə başa düşmə ki, mən öz qəlbimdə səndən başqa bir şəxsə də lazımi qədər, həm də əbədi bir yer ayırmışam. Həm də ömrümün sonuna kimi yeri gəldikcə onun barəsində fikirləşərək, həmin şəxsi heç vaxt yaddan çıxarmayacağam. Dediyim kimi fikirləşirsənsə, bu heç də doğru deyil. Belə olsaydı, indi bu dəqiqə səninlə burada yan-yana əyləşib söhbət etməzdim. Elə olan halda bu görüş mənim üçün böyük bir çətinliyə çevrilərdi. Hər dəfə sənə xoş bir söz demək istədikdə, qəlbimdəki o şəxs gözümün önündə canlanar, görünüşü mənə olmazın əzab əziyyətini verərdi. Belə başa düşürəm ki, heç kim ömrü boyu bu qayda ilə yaşamağı arzulamaz. Həmin o sirlər məskəni dediyimi də başqa mənada başa düşmə.

Bu dəfə oğlan məmnun halda qıza baxır, düşünürdü ki, əgər o öz ürəyindən keçənləri bu cür asanlıqla, çətinlik çəkmədən dilinə gətirə bilirsə və bu zaman ondan heç nə gizlətməyə çalışmırsa, deməli, bu çox yaxşıdır. Bəs, onun bayaq dediyi, insan beyninin kiçik bir hissəsi olan sirlər məskəni nə deməkdir? Qız həmin sözü deyəndə nəyi nəzərdə tuturdu? Bəlkə, bu məkan hansısa düşüncələrin, yatmazdan əvvəl yada düşən, insanın gözünə yuxu gedənə qədər beynində dolandırdığı, gah özündən uzaqlaşdırmağa çalışdığı, gah da nə vaxtsa imkan yarananda həyata keçirmək istədiyi ideyaların, planların toplaşdığı yerdir? Sonra da düşündü ki, burada hər şey ola bilər. Bir-birini təkzib edən fikirlər, qarışıq mülahizələr, nə vaxtsa unudulmuş, yaddan çıxmış, həyata keçməmiş arzuların qalıqları, kökləri, həyatda baş vermiş, indi yada salmaqdan çəkindiyimiz anlar, məqamlar, peşmançılıq hissləri, ya da fəxrlə xatırladığımız, yalnız öz xatirəmizdə qalan, başqalarının unutduğu hadisələr.

Oğlan indi özünü inandırmağa çalışırdı ki, həmin sirlər saxlanılan mərkəzdə xırda, heç bir əhəmiyyət kəsb etməyən amillərdə özünə yer tuta bilər. Bəlkə hansısa bir insan, nə vaxtsa çox xoşuna gələn, unuda bilmədiyi bir paltarın rəngini, tərzini, ona necə yaraşmasını yadda saxlayır. Yeri gəldikcə onu xatırlayıb, nə vaxtsa geyindiyi zaman özünün necə də xoşbəxt olması barədə düşünür. Sonradan nə qədər yeni, bahalı paltarları olsa da belə, həmin geyim heç vaxt yaddan çıxmır. Başqa bir misal olaraq hansısa xoş bir səyahət, ya da yadda unudulmaz bir gün barədə də düşünmək olar. İnsan buna bənzər fikirlərlə bəlkə də özünə məxsus olan xırdaca bir iç dünya formalaşdırır. Yeri gəldikcə bu zamana baş vurur, belə məqamlardan ayrılmaq istəmir.

İndi o, öz özlüyündə yəqinləşdirmək, həm də buna inanmaq istəyirdi ki, qızın, bayaqdan təsvir etdiyi, həm də onun özündə olan bu sirlər məskəni, heç kimə ziyanı, xeyri olmayan xırda fikirlər yığımından ibarətdir.

Ona görə də dedi:

-Yaxşı, səni başa düşdüm. Belə hesab etdim ki, bayaq dediyin o gizli dünyanla baş-başa qalanda özünü daha dolğun, güclü bilirsən, həm də düşünürsən ki, sən həmin dünyandan ayrılsan, sirlərini bir başqası ilə bölüşsən, tənha, zəif olacaqsan.

Qız gülümsünüb dedi:

-Hə, indi görürəm ki, getdikcə məni başa düşməyə çalışırsan.

-Təkcə başa düşmək yox, həm də bir-birimizi daha yaxından tanısaq yaxşı olar. Danışmaq, söhbət etmək nə deməkdir? Hər şey barədə bacardıqca daha dərindən bilmək. Elə deyilmi?

-Əlbəttə, elədir, – qız dedi – İndi de görüm, sənin də özünə məxsus sirlərin varmı? Əgər varsa, onlar barədə heç nə soruşmayacam. Arxayın ola bilərsən. Onsuz da bilirəm ki, xəbər alsam da, bayaq söhbət açdığımız həmin o qapalı hissədə olanlar barədə heç nə deməyəcəksən.

Faiq bir az fikrə getdi. Sonra dedi:

-Yox, demək olar ki, mənim heç bir gizli işim yoxdur.

Qız gülüb dedi:

-“Demək olar ki…” sözünü işlətdin. Belə başa düşdüm ki, heç kimə demək istəmədiyin nəsə var. Qorxma, heç nə soruşmayacağam. Nə də sən demə. Onu da deyim ki, verdiyin cavab mənə inandırıcı gəlmədi. İndi səndən bir söz soruşum. Axşam öz yerində, yatağında uzanan kimi, səni həmin dəqiqə yuxu tutur? Yoxsa ardı-arası kəsilməyən, bəlkə də bir-biri ilə heç bir əlaqəsi olmayan, ya da biri digərini tamamlaya bilməyən düşüncələrin burulğanına düşürsən?

Oğlan bu sualı heç gözləmirdi. Bura gələndə fikirləşmişdi ki, aralarında olan tanışlığı bir qədər də dərinləşdirsin. Hər halda bir cavab verməli idi.

-Bu, çox çətin, ağır sual oldu. Amma, bununla belə, cavab verməyə çalışacağam. Onu da deyim ki, bu gün sənin barəndə daha çox təsəvvür əldə etdim. Xasiyyətindən, mülahizələrindən çox razı qaldım. Tez yatmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, həmin dəqiqə yuxuya gedən adam təsəvvür etmək çox çətindir. Onda gərək həmin insan, ümumiyyətlə hər şeyə laqeyd, heç nə ilə də maraqlanmaq istəməsin. Nə də ki, heç vaxt belə bir xasiyyətdə olmağı özümə arzulamazdım.

-Hə, demək belə, – qız dedi – sözlərindən anladım ki, bayaq dediyimiz o sirlər məskəninə sən də hər axşam baş vurursan. Orada nələr görürsən? Özünü necə hiss edirsən? Nə vaxtsa fikirləşmədən gördüyün işlər üçün peşmanlıq çəkirsənmi? Ya da ki, etdiyin yaxşı əməllərə görə qürur duyursanmı?

-Lalə, əslinə qalsa, elə də böyük gizlədiləsi işim də yoxdur. Amma bütün insanlarda olduğu kimi, mənim də özümə məxsus yaddaşım, xatirələrim var. Hərdənbir onları yada salmaq, nəyin doğru, nəyin gərəksiz olduğunu araşdırmaq heç də pis deyil.

-Yaxşı, gəl belə danışaq. Xatirələr dedin. Gəlsənə, indi bu gün, nə vaxtsa başına gələn hadisələrdən birini mənə danışasan. Yoxsa olub keçənlər barədə söhbət açmaqla heç aran yoxdur?

-Niyə? Elə əhvalatlar baş verir ki, onlar heç vaxt yaddan çıxmır. İnsanın beyninə həmişəlik həkk olub qalır. Elə fikirlər olur ki, onları nə qədər başından çıxarıb atmağa çalışsan da, bu mümkün olmur.

Qız oğlanın üzünə baxıb dedi:

-Yaxşı, indi sənə diqqətlə qulaq asacağam. Həmin əhvalatlardan heç olmasa birini mənə danış. Mən də olmuş hadisələr içərisində səni görüm. Məlumatım çoxalsın.

-Yaxşı, qoy sən deyən olsun. Məktəb illərində qarşılaşdığım bir əhvalatı danışacam.

-Danış, danış. Bayaqdan bir-birimizə söylədiyimiz ümumi sözlərlə kifayətlənək. Elə başa düşdüm ki, həmin əhvalat sənin yaddaşında möhkəm yer tutub. Heç vaxt da yaddan çıxara bilmirsən.

Oğlan sözə başladı:

-Demək, məsələ belə oldu. Dəqiq yadımda deyil. Ya on dörd, ya da ki, on beş yaşım olardı. Günorta vaxtı marketdən çörək alıb evimizə gəlirdim. Mən evdən çıxanda hava mülayim idi. Qayıdanda isə bir anın içərisində elə bil ki, hər şey dəyişdi. Güclü yağış yağmağa başladı. İslanmamaq üçün özümü evə çatdırmaq istəyirdim. Yaşadığım binaya bir qədər qalmış, yolun döngəsində ikimərtəbəli məktəb vardı. Məktəbdən çıxıb sağa dönəndə, üzü poliklinikaya sarı ensiz bir küçə başlayır. Həmin yerdə avtobus dayanacağı var idi.

Lalə dedi:

-Yer haqqında yaxşı məlumat verdin. Oranı tanıyıram.

-Hə, lap yaxşı, onda qulaq as. Dediyim kimi, möhkəm yağış yağmağa başladı. Evdən çıxanda papağımı da götürməyi unutmuşdum. Əlimi başımın üzərində saxlamışdım ki, saçlarım islanmasın.

Qız təəccüblə, həm də bir az zarafat məqsədilə dedi:

-Sənin əlin nə qədər iri idi ki, onunla başını qoruyurdun?

-Lalə, sözümü kəsmə. İndi hər şey yadımdan çıxacaq. Əhvalatı da əməlli-başlı danışa bilməyəcəm.

-Görürəm ki, əsəbiləşdin.

-Yox, niyə əsəbiləşirəm ki? Sözgəlişi dedim.

-Yaxşı, yağış kəsmək bilmirdi. Sonra?

-Hə, onu deyirdim axı… Həmin o dayanacağı keçib, öz küçəmizə sarı dönəndə, məndən beş-altı metr irəlidə, mənimlə bir yaşıd, ya da ki, təxminən bir-iki yaş kiçik olan bir məktəbli qız gedirdi.

-Haradan bildin ki, o, məktəblidir?

-Çiyinində çantası vardı. Həm də həmin vaxt şagirdlər dərsdən çıxmışdılar. Məndən arxada çoxlu uşaq gəlirdi. Yağış yağdığından irəlidə gölməçələr yaranmışdı. Həmin qız su yığılmış yerə çatanda ayağı büdrəyib yıxıldı. Çantası, üst-başı tamamilə islanmışdı. Mən tez özümü yetirdim. Onun qolundan yapışıb ayağa qaldırdım. İndi o tamamilə islandığı üçün nə edəcəyini bilmir, ya üst-başına, ya da tam su içərisində olan ayaqqabısına baxırdı. Külək daha da güclənmiş, o isə soyuqdan əsir, əlləri titrəyirdi.

Bu vaxt Lalə, maraq dolu baxışlarla oğlana daha da diqqətlə baxdı, amma hələlik bir söz demədi. Oğlan söhbətinə davam etdi:

-Qız indi paltarını, çantasını nisbətən təmizləməyə çalışır, bəlkə də bu vəziyyətdə evə necə gedəcəyi barədə fikirləşirdi.

Lalə mənalı nəzərlərlə oğlana baxıb dedi:

-Sən onun üzünü gördün, necə qız idi? Həmin vaxta qədər onu tanıyırdın?

-Yox, tanımırdım, dedim ki, o məndən irəlidə, dərsdən çıxıb evlərinə gedirdi, birdən yıxıldı, mən də kömək etdim. Üzünü görməyə qaldıqda isə külək onun saçlarını dağıtmış, yağış da isladaraq üzünə yapışdırmışdı.

-Demək, o tamamilə görünməz olmuşdu.

Faiq əsəbləşməyini biruzə verdi:

-Ay qız, bu nə suallardır verirsən! Dedim ki, ona kömək etdim. Sonra da evlərinə çıxıb getdi. Üzünü isə demək olar ki, görə bilmədim.

Lalə yenə sual verdi:

-Bəs, o qız saçlarının arasından sənə baxmadı? Ani olaraq gülümsəmədi?

Oğlan tutuldu. Nə deyəcəyini bilmədi. Azca fasilədən sonra könülsüz halda dedi:

-Nə bilim, yadımda deyil. O vəziyyətdə olan qız niyə mənə baxıb gülümsəsin ki…?

-Həmin vaxt sən cibindən dəsmal çıxarıb onun islanmış, çirkli suya bulaşmış əllərini təmizləməyə çalışmadın? O da yadından çıxıb?

Oğlan indi qəribə hisslər keçirir, təəccüb içərisində Laləyə baxır, həmin hadisəni yenidən təsəvvüründə canlandırmağa çalışırdı.

Qız yenə soruşdu:

-Bəs, o vaxt sənin əynindəki köynəyinin rəngi necə idi? Deyə bilərsən?

-Yox, yadımdan çıxıb. İndi bunun məsələyə nə dəxli var ki?

-İstəyirsən, mən deyim. Tünd qırmızı rəngdə idi. Yadına düşdü?

Oğlan ani olaraq dayandı. Nəsə xatırlayıbmış kimi dedi:

-Hə, hə. İndi hər şey gözlərim önündə canlandı. Düz deyirsən, elə bir rəngdə köynəyim var idi. Əvvəllər, qırmızı olduğu üçün onu geyinməyə çox utanırdım. Küçəyə çıxanda elə bilirdim ki, hamı mənə baxır. Amma, sonradan bu köynəyə elə bağlandım ki, qınayan olmasaydı, heç onu gecələr də əynimdən çıxarmazdım. Bura bax, ay qız, sən danışdıqca mən də bir-bir təsdiq edirəm. Bəlkə deyəsən, sən həmin vaxt harada idin? Bu barədə nəsə bilirsən?

Qız hələlik bir cavab vermir, susurdu. Oğlan da ondan gözünü çəkə bilmir, bundan sonra nə deyəcəyi, nə soruşacağı ağlına belə gəlmirdi.

Nəhayət yenə dilləndi:

-Mən belə başa düşdüm ki, sən həmin vaxt haradasa dayanıb bizə baxırsanmış. Elədirmi? Əgər elədirsə, düzünü de. Burada gizlədiləsi nə var ki? Bəlkə elə bu əhvalatın ardını sən danışasan. Kənardan baxan adam hər şeyi dəqiq görüb yadında saxlayır.

Bu zaman qız nədənsə fikirli idi. Oğlanın dediyini bəlkə də yaxşı eşitmədi. Soruşdu:

-Həmin vaxt sən o qızın adını xəbər almadın? Harada yaşaması ilə maraqlanmadın?

-Açığını desəm, yox, – oğlan dedi, – adını soruşmaq heç ağlıma da gəlmədi. Evlərinə də özü çıxıb getdi.

Lalə dedi: -İndi sənə bir söz deyəcəyəm. Mənə elə gəlir ki, qızı elə bir vəziyyətdə küləkli, yağışlı havada evlərinə tək buraxmaqda heç də yaxşı iş görməmisən.

Faiq dinmədi. Sonra elə bil ki, nəsə yadına düşdü, dedi:

-Mənə qulaq as. Heç demədin ki, həmin vaxt sən harada idin? Bəlkə də yaşadığın binanın pəncərəsindən bizə baxırdın? Amma yox. Yenə çaşıb qaldım. Sən dedin ki, qız üzünə dağılmış saçlarının arasından sənə baxıb gülümsədi. Bunu uzaqdan görə bilməzdin axı… Yox, burada nəsə var. Bəlkə, bir az açıq danışasan.

-Mən indi sənin bu sualına cavab verəcəm – deyə qız, oğlana əvvəlkindən də bir qədər rahat nəzərlərlə baxmağa başladı. -Amma, bayaqdan səni danışdırırdım ki, bu əhvalatı təfsilatı ilə yadına salasan. Dedin ki, elə hadisələr olur ki, yaddan çıxmır. Mənim üçün nə maraqlıdır? Qızın qolundan tutub ayağa qaldırmağı çox böyük, əhəmiyyətli, yaddan çıxmayan bir əhvalat kimi qələmə verirsən. Niyə məhz bu hadisə sənin yaddaşında möhkəm, silinməz bir iz buraxdı? Bir sual da verim. Sən sonradan o qızın kim olması, harada yaşaması ilə maraqlanmadın?

Oğlan dedi:

-Yox. O öz evlərinə, mən də öz evimizə getdim. Sonradan da onun barəsində nəsə öyrənməyə nə ehtiyac vardı?

Ortaya sükut çökdü. İndi isə Lalə əvvəlkindən də böyük bir maraqla, gah oğlana baxır, gah da baxışlarını başqa səmtə yönəldirdi. Sanki hansısa gizli bir sirri açacağı halda oğlanın necə vəziyyətə düşəcəyini ağlından keçirmək istəyirdi.

Faiq yenə davam etdi:

-Sən bayaq insan beynində olan gizli, sirlər yaşayan hissə haqqında söhbət açmışdın. Demək, belə bir mərkəz bütün insanlar üçün doğrudan da çox vacib imiş. İndi səbəbini sənə deyərəm. Bax, mən burada başıma gələn balaca bir əhvalatı açıb danışdım. Bununla bağlı mənə gör nə qədər sual verdin. Bu sorğu-suallarda bilirsən nələr var idi? Qısqanclıq, ittiham, əhvalatı düz danışmamaq, məni danlayaraq hansısa bir işdə günahlandırmaq və sairə. İndi başa düşdüm ki, insanlar bəzi şeyləri niyə gizli saxlayıb, onlar barədə heç vaxt danışmırlar. Xırda məsələlərdən söhbət açıb, özləri üçün böyük problemlər yaratmırlar. Çox vaxt da başlarına gələn əhvalatı təhrif edib, öz xeyirlərinə uyğunlaşdırıb nağıl edirlər. Fikirləşirlər ki, bütün olanları yerli-yerində, heç nə artırıb, əskiltmədən danışsalar, bəlkə də çoxlarının qınağına məruz qalarlar. Həm də gərək onlarla həmsöhbət olan adamlara uzun-uzadı, təfərrüatına qədər hesabat verələr. Ona görə də heç kim özünü belə bir əziyyətə salıb, vaxt itirmək istəmir. Amma, məndə belə bir xasiyyət yoxdur. İndiki əhvalatı danışmaqla, özümü bir qəhrəman kimi göstərmək də istəmədim. Bir də ki, insanlıq borcumu yerinə yetirdim. Nə isə, gəl bu söhbəti qurtaraq. İndi də özümüzdən, gələcək işlərimizdən danışaq.

-Bəs, kimdən danışırıq? Elə özümüzdən danışırıq da… Yoxsa sənə bu qədər sual verməzdim ki…

Oğlan təəccüblə dedi:

-Heç nə başa düşmədim. Necə yəni özümüz barədə danışırdıq.

Lalə oğlana bir az da yaxın oturdu:

-İndi sənə bir söz deyəcəm. Özün də inanmayacaqsan. Həmin o barəsində danışdığın qız mən idim.

Bu vaxt oğlanın necə hisslər keçirdiyini təsəvvür etmək çətin deyildi. Təəccüb və heyrətlə qızı daha da yaxından seyr edir, bu illər ərzində onun necə dəyişdiyinin şahidi olmaq istəyirdi. Sonra dedi:

-Necə? Sən idin? Nə danışırsan? Bayaqdan mən də fikirləşirəm ki, həmin qızı ayağa qaldırdığım vaxt, onun saçlarının arasından baxıb gülümsəməsini, əllərini dəsmalla sildiyimi, həmin vaxt qırmızı köynəkdə olduğumu haradan bilirsən. Bəs, bunu bayaqdan mənə niyə demirsən?

-Gözləyirdim görüm, sən bu əhvalatı necə nağıl edəcəksən? Bir şeyi artırıb əskiltməyəcəksən ki?

Oğlan dedi:

-Bu hər ikimiz üçün xoş bir təsadüf oldu. Mənim də bu əhvalatı danışmağım lap yerinə düşdü. Düzünü deyim ki, bu vaxta qədər heç belə sevinməmişdim.

-Mən də çox şad oldum. Bir şeyi də başa düşdüm ki, həmin əhvalatlardan sonra, sən həmişə o qız barədə fikirləşmisən, onu yaddan çıxara bilməmisən. Demək olar ki, hər gün xatırlamısan. Sonra da öz-özlüyündə belə fikrə gəlmisən ki, bir daha onu görməyəcəksən.

-Hə, düzdür, belə bir qərara gəlmişdim.

-Amma tale bizi yenidən görüşdürdü. Bir söz də deyim. Yaxşı ki, bayaq demədin ki, mən o məktəbli qıza nəvaziş göstərdim, onu evlərinə qədər ötürdüm və sair. Yoxsa, özünü xeyirxah kimi qələmə vermək üçün quraşdırdığın söhbətlərin doğru olmadığı üzə çıxacaqdı. Amma, indi gördüm ki, tam səmimisən. İndi bir təklifim var. Gedək, həmin suya yıxıldığım, birinci görüşümüz olan yerə baş çəkək.

Yol getdikləri vaxt, arabir səsləri eşidilərdi:

-Lalə, yaxşı ki, sən bayaq o gizli sirlər məkanı barədə söz açdın. Yoxsa bu əhvalatı da danışmayacaqdım.

Qız dedi:

-Demək indiki görüşümüz neçənci oldu?

-Əlbəttə ki, üçüncü.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

01 İyul 2026

01 İyul 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.